MƏDƏNİYYƏT
“Xan” nəşriyyatından yeni kitablar: “Bəla” və “Gülüstandan öncə”
Bakı, Zərəngiz Mansurova, AZƏRTAC
“Xan” nəşriyyatında “Tarixi romanlar” seriyasından növbəti kitab çapa hazırlanır.
Bunu AZƏRTAC-a nəşriyyatın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı bildirib.
Onun sözlərinə görə, bu seriyadan işıq üzü görmüş sonuncu əsər mərhum yazıçı Əzizə Cəfərzadənin “Bakı 1501” romanı olub.
N.Cabbarlı bildirib ki, növbəti kitablar yenə də Ə.Cəfərzadənin yaradıcılığına aiddir: “Yazıçının “Bəla” və “Gülüstandan öncə” romanları artıq çapa hazırdır. “Bəla” romanı Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Romanı oxuduqca ölkədə davam edən sünni-şiə mübarizəsindən, bunun uğrunda tökülən qanlardan, hətta böyük bir sevginin belə buna və siyasətə qurban verilməsindən danışılır.
“Gülüstandan öncə” romanında isə Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın qəhrəmanlığından bəhs edilir.
Bütün bu tarixi döyüşlər, əhəmiyyətli hadisələr fonunda yaşanan, Teymuraz xanın böyük sevgisi gözəl hisslərin şah-rəiyyət tanımadığını bir daha sübut etmiş olacaq”.