REGİONLAR
“Xanışın toyu” tamaşasına ictimai baxış keçirilib
Füzuli, 1 noyabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında Arif Mədətovun “Xanışın toyu” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, rejissor Sehran Xanlarovun quruluş verdiyi tamaşanın rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Elşən Gözəlov, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Aygün Cəfərova və başqaları çıxış ediblər. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Teatrdan bildiriblər ki, hazırda 2016-cı ilin repertuarında olan N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin son məşqləri gedir. Həmçinin teatr yeni il münasibətilə “Qış möcüzəsi-2” adlı şou-proqram üzərində işləyir. Proqramda müxtəlif nağıl qəhrəmanlarının, meşə heyvanlarının yeni il sərgüzəştləri, cizgi filmlərinin simvolları, Şaxta baba və Qar qızın maraqlı çıxışları gözlənilir. Şou-proqramın işğaldan azad olunmuş, həmçinin yeni salınmış kənd və qəsəbələrdə, ümumtəhsil məktəblərində və məktəbəqədər müəssisələrdə nümayişi nəzərdə tutulur.