İQTİSADİYYAT
“Xankəndi” gəmisinin 2017-ci ilin əvvəllərində tamamlaması planlaşdırılır
Bakı, 20 sentyabr, AZƏRTAC
“Xankəndi” gəmisinin 2017-ci ilin əvvəllərində tamamlaması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. O qeyd edib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır. Bunun üçün hazırda “Xankəndi” adlı sualtı əməliyyatlar üzrə ixtisaslaşmış xüsusi gəmi tikilir. Gəmi Bakıda, SOCAR-ın yeni gəmiqayırma zavodunda inşa olunur. Zavod “Xankəndi” layihəsini 2017-ci ilin əvvəllərində tamamlamağı planlaşdırır.
O bildirib ki, zavod həmçinin SOCAR-ın dənizdə neft-qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə inşa etdirdiyi müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində də fəal iştirak edib. Dənizin 1000 metrədək dərinliklərində 12 min metr qazma gücünə malik qurğunun pantonlarının və üst göyərtələrinin inşası burada tikilib təhvil verilib. Maliyyələşdirilməsi Dövlət Neft Fondu ilə birgə həyata keçirilən qurğunun tikintisi gələn ilin əvvəlində başa çatdırılacaq, bununla da Xəzərdə aparılan qazma işləri daha da intensivləşdiriləcək.