REGİONLAR
Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır
Bakı, 18 sentyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboyda müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan prioritet hesab edilən sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin bütün hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.