SİYASƏT
Xaricdə təhsil alan tələbələr Vətənə qayıdanda iş problemi ilə qarşılaşmayacaqlar VİDEO
Bakı, 31 avqust (AZƏRTAC). İlk dəfədir Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) tədbirində iştirak edirəm. Bu forumun əhəmiyyəti çox böyükdür. Ümid edirəm ki, xaricdə təhsil alan tələbələr Vətənə qayıdanda iş problemi ilə qarşılaşmayacaqlar. Xarici ölkədən bacarıqlı mütəxəssis kimi qayıdan gənclərimiz bu gün burada iştirak edən nazirliklər, digər dövlət qurumları tərəfindən işlə təmin olunacaqlar. Forum yüksək səviyyədə təşkil edilmişdir və biz burada çox şey öyrənəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri ASAIF-ın XI Yay Forumunda iştirak edən Ədalət Şahbazov AZƏRTAC-a müsahibəsində demişdir.
Türkiyənin İstanbul Universitetində jurnalistika fakültəsi üzrə magistr təhsili alan Ə.Şahbazov 2012-ci ildə 45 min tələbə arasından seçilən 3 min gəncdən biri olduğunu qeyd etmişdir. O, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) onun bugünkü təhsilinə və fəaliyyətinə müsbət təsirindən söhbət açaraq demişdir: “AZƏRTAC-ın mədəniyyət, incəsənət və turizm xəbərləri redaksiyasında bir aylıq təcrübə keçmişəm. Hazırda jurnalistika sahəsində işləməsəm də bu təcrübənin müsbət nəticəsini hiss edirəm. Düşünürəm ki, vaxtilə AZƏRTAC-da qazandığım təcrübə gələcəkdə mənim üçün çox faydalı olacaqdır”.
Ədalət Şahbazov vurğulamışdır ki, qardaş ölkədə Azərbaycan mədəniyyətini daim təbliğ etməyə çalışır və bir azərbaycanlı olaraq bunu özünə borc bilir. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindən Türkiyədə təhsil alan xarici tələbələrə ölkəmiz haqqında ətraflı məlumat vermək üçün əlindən gələni edir.