SİYASƏT
Xaricdəki bütün soydaşlarımız ölkəmizin ərazi bütövlüyü naminə hər zaman birlik nümayiş etdirirlər
Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanın müxtəlif universitetlərində təhsil alan 100-dən çox azərbaycanlı tələbə və gənc aprelin 8-də Tbilisidəki Heydər Əliyev parkında Azərbaycana dəstək aksiyası keçiriblər.
Tədbirin təşkilatçılarından biri, tələbə Huri Əsgərova AZƏRTAC-a müsahibəsində deyib: “Biz Azərbaycandan kənarda yaşasaq da, ürəyimiz vətənimiz Azərbaycanla döyünür. Bugünkü aksiyanın məqsədi Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş əsgərlərimizin xatirəsini yad etmək, Azərbaycan dövlətinə dəstək nümayiş etdirməkdir”.
Sonra əllərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Vətən torpağı bölünməz”, “Şəhidlər ölməz”, “Qarabağ Azərbaycanındır”, “Biz birik” və s. şüarlar səsləndirərək Azərbaycanın Gürcüstandakı səfirliyinə qədər yürüş ediblər. Şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı sürücülər yol boyu gənclərə dəstək nümayiş etdiriblər.
Səfirliyin qarşısında toplaşan gənclər son günlər Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahat olduqlarını bildirib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyiblər. Cəbhədə baş verən hadisələrə və atəşkəsin pozulmasına görə Ermənistanın günahkar olduğunu bildiriblər.
Tbilisi Dövlət Universitetinin (TDU) tələbəsi, bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Dostlar Klubunun koordinatoru Leyla Əmrahova deyib: “Bu gün TDU-nun azərbaycanlı və gürcü tələbələri Azərbaycanın haqq səsini dəstəkləyirlər. Azərbaycanda səfərbərlik elan edilərsə, tələbələrimiz döyüşə getməyə hazırdırlar”.
Gürcüstanın Aktiv qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva bildirib ki, Azərbaycanın haqq işinə dəstək vermək xaricdə yaşayan hər bir azərbaycanlının borcudur. Bu gün Tbilisidə tələbələrin ikinci dəfə aksiya təşkil etməsi bir daha göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz mənəvi Vətənlərinə biganə deyillər. Hər bir tələbə bütöv bir ailəni təmsil edir. Bu isə onların nə qədər çox olduğunu, eyni zamanda, Azərbaycanın burada nə qədər çox sevildiyini göstərir.
Bu aksiya bir daha sübut edir ki, harada yaşadıqlarından asılı olmayaraq, bütün azərbaycanlılar ölkəmizin ərazi bütövlüyü naminə hər zaman birlik nümayiş etdirirlər.
Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi