SİYASƏT
Xarici İşlər Nazirliyi ABŞ vətəndaşı Paul Salopekin adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair məlumat yayıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Pulitzer mükafatının qalibi, “National Geographic” jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, P.Salopek məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət etdiyini və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan getdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.
Paul Salopek Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib.
İşğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
Paul Salopekin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına və qədim insanların hərəkət marşrutunun piyada səfərlə öyrənilməsinə xidmət edən “Out of Eden Walk” layihəsi çərçivəsində Azərbaycana səfərinə icazə verilib.