SİYASƏT
Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq iyunun 8-də Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə toxunub, onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verdiyini qeyd edib. Nazir, həmçinin Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində gördüyü işləri, eləcə də Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi işində əvəzsiz xidmətlərindən danışıb.
Seminarın əsas mühazirəçiləri olan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri çıxışlarında Əziz Əliyevin müxtəlif dövrlərdə fəaliyyətindən söz açıb, onu görkəmli siyasi xadim, istedadlı təşkilatçı və mahir diplomat kimi xarakterizə ediblər.
Əziz Əliyevin ailəsi adından çıxış edən akademik Cəmil Əliyev tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Seminar işini mühazirə və müzakirələrlə davam etdirib.
Tədbirdə XİN-in əməkdaşları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.