REGİONLAR


Xarici KİV nümayəndələri və hərbi attaşelər şəxsən şahid oldular ki, Alxanlıda mülki insanlar hədəf seçilib VİDEO

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Xarici KİV nümayəndələri və hərbi attaşelər şəxsən şahid oldular ki, bu ərazilərdə hər hansı hərbi təyinatlı obyekt olmayıb. Ermənistan silahlı qüvvələri tərəfindən yalnız mülki insanları hədəfə almaq üçün hücum həyata keçirilib ki, buna görə də Ermənistanın siyasi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Füzuli rayonunun Alxanlı kəndində jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səsləndirib.

O bildirib ki, Alxanlıya təşkil olunan səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiyanın hərbi attaşeləri, Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı iştirak edib. Həmçinin bir sıra nüfuzlu xarici KİV nümayəndəsi Alxanlıya gəlib. Hesab edirik ki, onlar burada gördükləri barədə öz ölkələrinin ictimaiyyətinə obyektiv məlumatlar çatdıracaqlar.

“Azərbaycan tərəfinin müraciəti əsasında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hadisə yerinin qiymətləndirilməsi aparılıb. Eyni zamanda, Azərbaycan tərəfi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişikin ofisinə müraciət edib ki, onlar tərəfindən də bu faktın qiymətləndirilməsi həyata keçirilsin. Ermənistan tərəfi məqsədyönlü şəkildə təbliğat aparır və beynəlxalq ictimaiyyəti aldatmaq, öz cinayətini gizlətmək istəyir: guya bu kənddə hərbi təyinatlı məntəqələr olub və onlar bu hücumu hərbi zərurət nöqteyi-nəzərindən həyata keçiriblər. Halbuki bu kənddə indiyədək hər hansı hərbi təyinatlı obyekt olmayıb”, - deyə XİN rəsmisi bildirib.

Artıq Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bu qanlı cinayəti kəskin şəkildə pisləyən bəyanat verildiyini vurğulayan Hikmət Hacıyev deyib: “İslam Əməkdaşlıq Təşkilatı da müvafiq bəyanatla çıxış edib. ATƏT-in Minsk qrupunun verdiyi bəyanat isə ilkin xarakter daşıyır. Hesab edirik ki, həmsədr ölkələrin hərbi attaşeləri bir peşəkar hərbçi kimi hadisələri qiymətləndirərək, öz hesabatlarını təqdim edəcəklər. Bunun nəticəsində həmin ölkələr daha obyektiv bəyanatla çıxış edəcək, Ermənistanın bu cinayətinə kəskin şəkildə münasibət bildirəcəklər”.

Hikmət Hacıyevin sözlərinə görə, hadisə yerindəki faktlar ümumiləşdirilərək bütün diplomatik nümayəndəliklərə göndərilir, onlar tərəfindən beynəlxalq təşkilatlara, akkreditə olduqları ölkələrin diqqətinə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.