İQTİSADİYYAT


Xarici bazarlarda yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var

Bakı, 23 dekabr, AZƏRTAC

Xarici bazarlarda yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq var.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu barədə qurumun rəhbəri Rüfət Məmmədov dekabrın 23-də Bakıda keçirilən Azərbaycan Arıçılar Assosiasiyasının II ümumi yığıncağında deyib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılığın inkişafı istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib, bu istiqamətdə Arıçılar Assosiasiyasının üzərinə düşən vəzifələri və assosiasiyanın gördüyü işləri diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov aqrar sahənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, digər sahələrlə yanaşı, ölkəmizdə arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. Rüfət Məmmədov xarici bazarlarda yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq olduğunu, bu sahədə geniş ixrac potensialının mövcudluğunu vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev deyib ki, beynəlxalq mütəxəssislərin köməyi ilə yerli arıçılara seleksiya-damazlıq işlərinin aparılması, ana arı yetişdirilməsi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması məqsədilə praktik treninqlər keçirilib, respublikada ilk dəfə genofond arıxanaların yaradılmasına başlanıb. Bu sahədə mütəxəssis hazırlığı ilə yanaşı, genofond arıxanası kimi fəaliyyət göstərəcək yerlər zəruri avadanlıqlarla təchiz edilib.

Tədbirdə, həmçinin Azərbaycanda arıçılığın iqtisadi səmərəliliyinin artırılması və inkişaf perspektivləri, arı xəstəlikləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.

Sonda assosiasiyanın gələcək fəaliyyəti və təşkilati məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.