ELM VƏ TƏHSİL
Xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar seminar
Bakı, 30 noyabr, AZƏRTAC
2016–2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminar iştirakçıları statistik göstəricilər əsasında hazırlanmış, cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində istifadə edilmiş, xarici dillər üzrə test tapşırıqlarının elmi-metodiki təhlilinə aid təqdimatların davamı olaraq alman dili üzrə test blokunun təhlili ilə tanış olublar.
Bakalavrların cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları və onların yol verdikləri səhvlərin səbəbləri barədə fikir mübadiləsi aparılıb.
Səslənən təkliflərin xarici dillər üzrə mövcud test banklarının təkmilləşdirilməsi, həmçinin yeni test tapşırıqlarının tərtibi və ekspertizası zamanı nəzərə alınmasının məqsədəuyğun olduğu vurğulanıb.
Növbəti seminarda “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə Ümumavropa çərçivə sənədi” müzakirə ediləcək.