ELM VƏ TƏHSİL
Xarici dillərin tədrisinin aktual problemləri müzakirə olunub
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransda ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycanda xarici dillərə marağın XVIII əsrin ortalarından yarandığını söyləyib. Qeyd edilib ki, həmin dövrdə fransız dilinə daha çox üstünlük verilib, XX əsrin əvvəllərində isə alman dilindən daha çox istifadə olunub. Azərbaycanda ingilis dilinin inkişafının XX əsrin 30-cu illərindən başlandığını deyən D.Yunusov elmə ciddi yanaşmanın vacibliyini vurğulayıb.
Plenar iclasda “İnandırıcı nitq sistemində didaktikanın rolu”, “Xarici dillərin tədrisində mnemonik üsullardan istifadə”, “Ambiqitivliyin yaratdığı yumoristik effektlər”, “Kiber məkanda kimlik və kommunikasiya” mövzularında məruzələr dinlənilib.
İki günlük konfransda “Xarici dillərin tədrisinin linqvodidaktik məsələləri”, “Pedaqogika və metodikanın aktual problemləri”, “Tərcümənin nəzəri və praktik məsələləri”, “Ədəbiyyatların qarşılıqlı təsiri və inkişaf problemləri” bölmələri üzrə müxtəlif mövzularda 230-dək məruzə dinləniləcək, müzakirələr aparılacaq. Eyni zamanda, 30-dək ali təhsil müəssisəsi və 10-dan çox orta məktəb müəllimi məruzə ilə çıxış edəcək.