İQTİSADİYYAT
Xarici ölkələrin Azərbaycandakı səfirləri ölkədə aparılan islahatları yüksək qiymətləndiriblər
Bakı, 4 may, AZƏRTAC
Xarici ölkələrin Azərbaycandakı səfirləri ölkədə aparılan islahatları yüksək qiymətləndiriblər.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildiriblər ki, qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlı Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçıları ilə görüşüb. Görüşdə Rüfət Aslanlı xarici ölkə səfirlərinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib və bu sahədə MBNP-nin üzərinə düşən vəzifələr barədə məlumat verib. Bundan əlavə, strateji yol xəritələri ilə müəyyənləşdirilmiş maliyyə sektoru qarşısında duran əsas hədəflər, imkanlar və bütövlükdə maliyyə sektorunda islahatlar gündəliyi müzakirə edilib.
Xarici ölkələrin Azərbaycandakı səfirləri maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ölkədə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildiriblər.
Görüş əsnasında ölkəmizdə göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, yeni qanunvericilik aktları, o cümlədən "Nağdsız hesablaşmalar haqqında" Qanun və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.