REGİONLAR


Xarici turistlər qızmar yay günlərində Novxanı çimərliyində dincəlməyə üstünlük verirlər

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Yerli və xarici turistlərin Azərbaycanda əlverişli və beynəlxalq standartlara cavab verən turizm xidmətlərindən yararlanması, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycanın əlverişli coğrafi mühiti ölkəmizdə turizmin əksər sahələrinin, xüsusilə də çimərlik turizminin inkişafına zəmin yaradıb. Xəzər dənizinin sahilində yerləşən ölkəmiz çimərlik turizminin inkişafı baxımından geniş potensiala malikdir.

AZƏRTAC xəbər verir ki, isti yay günlərində Xəzərin Sumqayıt akvatoriyasında yerləşən Novxanı çimərliyində dincəlməyə üstünlük verənlər arasında yerli turistlərlə yanaşı, xarici qonaqlara, xüsusən də rusiyalı turistlərə də tez-tez rast gəlmək mümkündür.

Onlardan biri də rusiyalı Pavel Levindir. O, bu qızmar yayda Novxanı çimərliyində istirahətə üstünlük verib. Pavel Levin təəssüratlarını bölüşərək deyib: “Buradakı çimərlik çox yaxşıdır, dənizin suyu ilıqdır. İnsanlarınız da çox mehribandır. Xidmət də yüksək səviyyədədir. Xüsusilə yerli mətbəxiniz, təbii meyvə-tərəvəziniz çox dadlıdır”.

Azərbaycana Moskvadan gəldiklərini deyən Yuliya Levina isə bildirib ki, Novxanıda dincəlmək ona xüsusi zövq verir. Çünki burada həm Günəş, həm Xəzərin ilıq suyu, həm də sahildəki təmiz qum sanki bir vəhdət təşkil edir. “Hər kəsə məsləhət görürəm bura gəlsin, biz birinci dəfədir Novxanıda oluruq. Çox eşitmişdik və qərara aldıq qonaq gələk, istirahətimizi burada keçirək. Yanılmadıq. Çox bəyəndik və hamıya da məsləhət görürük”, - deyə o bildirib.

Rusiyalı turist Kseniya Abdullayeva isə burada qaynanası ilə istirahət edir. O, artıq ikinci ildir ki, Novxanı çimərliyində dincəlir: “Buradakı çimərlik çox xoşuma gəlir. Bu dəfə hava daha gözəldir. Dəniz isti, dalğa heyrətamizdir. Yeməklərinizə isə söz ola bilməz.”

Əcnəbi qonaqların danışıqlarından və gördüklərimizdən bu qənaətə gəlmək olar ki, çimərlik istirahətinin ən gözəl məkanı Xəzərin qızıl qumlu sahilləridir. Ən etibarlı ünvanlardan biri isə məhz Novxanı çimərliyidir. Burada istirahət üçün hər cür şərait var. Xilasedicilər daim ayıq-sayıq iş başındadırlar.

Novxanı çimərliyinə giriş pulsuzdur. Qiymətlər də digər yerlərlə müqayisədə münasibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.