REGİONLAR
Xarici turistlərin “əbədi dostluq şəhəri” - Naftalan [ FOTOREPORTAJ]
Naftalan, 20 avqust, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın əksər şəhər və kəndləri elə bir bənzərsiz gözəlliyə, təkrarsız təbii imkanlara malikdir ki, bircə dəfə həmin yerlərdə qonaq olmaq, o yerlərlə tanışlıq əbədi dostluğun yaranmasına səbəb olur. Təsadüfi deyildir ki, bu gün Naftalana gələn xarici turistlərin əksəriyyəti buranı özləri üçün “əbədi dostluq şəhəri” adlandırırlar.
AZƏRTAC xəbər verir ki, ölkənin qərbində yerləşən, təbii-coğrafi xüsusiyyətinə görə ilk baxışdan o qədər də diqqət çəkməyən Naftalan sakit və kiçik şəhər olmasına baxmayaraq, Azərbaycanın beynəlxalq əhəmiyyətli məşhur müalicəvi kurort turizm mərkəzidir.
Burada dünyada analoqu olmayan, xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye - Naftalan nefti hasil edilir.
Naftalan neftinin nadir xüsusiyyətləri və yüksək təbii tibbi təsirə malik olması 100 ildən artıq müddətdə bir çox elmi tədqiqat və xəstəliklərin müalicəsində istifadə edilməklə qazanılmış təcrübə nəticəsində təsdiqlənib. Müalicəvi Naftalan kurort terapiyasının digər metodları və təbii amillər (əlverişli ekoloji şərait və təmiz şam ağacı havası) birgə oynaq xəstəliklərinin, eləcə də nevroloji, uroloji, ginekoloji, dəri və digər xəstəliklərin müalicəsində böyük rol oynayır.
Hazırda bu imkanlardan məharətlə yararlanan Naftalan şəhərində müasir turizm infrastrukturunun geniş şəbəkəsi qurulub. Hələ keçmiş SSRİ dövründən ümumittifaq miqyasında böyük şöhrət tapan Naftalan bu gün özündə təbii amilləri, tibbi kurort nailiyyətlərini, Avropa komfortunu, Azərbaycanın qonaqpərvərliyini və əlverişli qiymətlərə malik göndərişləri ehtiva edən müasir istirahət və müalicə mərkəzi kimi həm keçmiş ənənəni qoruyub saxlayır, həm də Avropadan və Uzaq Şərqdən olan xarici turistləri özünə cəlb edir.
Hazırda şəhərdə 3-ü beşulduzlu olmaqla 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Bu otellərdə təkcə ötən ay 3 minə yaxın yerli və xarici turist dincəlib və sağlamlığını bərpa edib. Onlardan 600-ü xarici ölkələrdən gələn turistlər olub.