SİYASƏT
Xarici və yerli jurnalistlər Ağdam rayonunun Sarıcalı və Mahrızlı kəndlərində olublar VİDEO
Ağdam, 29 aprel, AZƏRTAC
Aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlər Ağdam Rayon Mərkəzi Xəstəxanasından sonra Sarıcalı kəndinə gəliblər. Jurnalistlər Sarıcalı kənd tam orta məktəbinin düşmənin artilleriya atəşləri nəticəsində ziyan dəymiş binasına baxıblar.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Aybəniz Məhərrəmova binaya aprelin 2-də Ermənistan silahlı qüvvələri bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində ziyan dəydiyini bildirib. Qeyd edib ki, mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən müəllim və şagirdlərdən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb. Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.
Sonra media nümayəndələri Mahrızlı kəndində vətəndaşa məxsus dağılmış evə baxıblar.
Kənd sakini Şahmalı Qəhrəmanov bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya atəşləri nəticəsində kəndin ərazisinə təxminən 100-ə yaxın mərmi düşüb. Kənddə 29 evə ziyan dəyib, 3 ev tamamilə dağılıb. Ayın 1-5-də isə 57 evə ziyan dəymişdi. Ş.Qəhrəmanov vəziyyətlə əlaqədar kənd sakinlərinin təsərrüfat işləri görə bilmədiyini də qeyd edib.