İQTİSADİYYAT
Xarkov müəssisələri Azərbaycandan sifariş gözləyir
Bakı, 28 aprel, AZƏRTAC
Ukraynanın Xarkov vilayətinin nümayəndələri Xarkov zavodlarının məhsullarının, o cümlədən elektrik mühərriklərinin, generatorların, hidroturbinlərin, aqrar sektor üçün texnikanın, təyyarə və vertolyotlar üçün enerji təminatı sistemlərinin, yol-inşaat işləri üçün avadanlığın göndərilməsi barədə Azərbaycan ilə danışıqlar aparır.
AZƏRTAC “Obyektiv” media qrupunun saytına istinadla xəbər verir ki, bu barədə vilayətin vitse-qubernatoru Yuliya Svetliçnaya məlumat verib.
O deyib: “Xarkov Vilayət Dövlət Administrasiyası xarici investorlar axtarmaq, habelə yerli investorlar cəlb etmək üçün yollar axtarır. Biz Azərbaycan ilə fəal danışıqlar aparırıq. Bu gün üçün demək olar ki, Xarkovun bir sıra müəssisələri artıq gələcək əməkdaşlıq barədə razılığa gəliblər”.
Məsələn, “Zavod Elektrotyajmaş” dövlət müəssisəsi Azərbaycan müəssisələrinə elektrik mühərrikləri, generatorlar və elektrik avadanlığı dəstləri göndərməyə maraq göstərir. Zavod enerjini generasiya edən avadanlığı modernləşdirməyə və yaxud Azərbaycanın istilik və su elektrik stansiyalarının gücünü artırmaq istiqamətində işlər görməyə hazırdır.
Bununla belə, “Turboatom” ASC hidroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlığa maraq göstərir. Azərbaycanın su elektrik stansiyalarında hidroturbinlərin yenidən qurulması üçün avadanlıq göndərilməsi imkanları öyrənilir, müəssisə hidroturbin avadanlığının layihələndirilməsini, hazırlanmasını və təchizatını həyata keçirməyə və Azərbaycanda fəaliyyət göstərən su elektrik stansiyalarını modernləşdirməyə, o cümlədən montaj və buraxılış-sazlama işləri görməyə və zəmanət sınaqları keçirməyə hazırdır.
Azərbaycan ilə çoxillik əməkdaşlıq təcrübəsi olan «Харьковский тракторный завод им. Орджоникидзе» ASC Azərbaycanın aqrar sektoru və sənaye müəssisələri üçün öz məhsullarını, məsələn, hər cür yol maneələrini aşa bilən çoxfunksiyalı, iritonnajlı və tırtıllı traktorlar, özüboşaldan qoşqular, habelə böyüdülmüş qoşa təkərli texnika göndərməyə maraq göstərir. Xarkov istehsalçısı Azərbaycanın iri şəhərlərinin kommunal xidmətlərini və təşkilatlarını yol-inşaat işləri, donmuş torpağın kəsilməsi və çətin keçilən yerlərdə magistral boru kəmərlərinin təmiri üçün buldozer və ixtisaslaşdırılmış asma avadanlıq təmin etməyə hazırdır.
Xarkov traktor zavodu traktor istehsalı üçün müştərək Azərbaycan-Ukrayna müəssisəsi yaratmağa, habelə lizinq sistemi ilə kommunal təyinatlı traktorlar göndərməyə hazırdır.
“Xarkovmaş” MMM Azərbaycan ərazisində neft və qaz yataqlarını tədqiq etməyə və qazmanın dəqiqliyini artırmaq məqsədi ilə geofizika sahəsində müvafiq işlər görməkdən ötrü müştərək müəssisə yaratmağa hazırdır. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun nasosla təchiz edilməsi üçün müqavilə imzalamaq nəzərdə tutulur.