SİYASƏT
Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkaya xatirə lövhəsi qoyulub
Kiyev, 9 noyabr, AZƏRTAC
Noyabrın 8-də Ukraynanın Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın xatirə lövhəsinin açılış mərasimi olub. Təntənəli mərasim “Dostluq” adlı Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin təşəbbüsü ilə vilayətin Zmiyev şəhərində Milli Qəhrəmanın təhsil aldığı 1 nömrəli liseydə keçirilib.
Xatirə lövhəsinin müəllifi “Dostluq” Cəmiyyəti İdarə Heyətinin üzvü, Ukraynanın Xalq Rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı Seyfəddin Qurbanovdur.
Təntənəli tədbir Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Liseyin şagirdləri və qonaqlar qəhrəmanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Zmiyev rayon administrasiyası aparatının rəhbəri Larisa Yakovleva, “Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov çıxış ediblər.
Tədbirdə, həmçinin Ruslan Polovinkanın valideynləri – Aleksandr Qriqoriyeviç və Qalina İvanovna, Kiyev Milli Aviasiya Universitetinin professoru, hüquq elmləri doktoru Arif Quliyev, hərbi müxbir, Ukraynanın Əməkdar Jurnalisti Nikolay Şlapak, Ruslan Polovinkanın sinif rəhbəri Zoya Şevçenko, Azərbaycandan olan ictimai xadim, şair, yazıçı və tərcüməçi Ağacəfər Həsənov, Zmiyev Rayon Şurasının katibi Viktoriya Bayraçnaya çıxış ediblər.
Xatirə lövhəsinin açılışından sonra keçirilən mərasimdə M.Ömərov Milli Qəhrəmanın igidliyi barədə ətraflı məlumat verib. Daha sonra “Dostluq” Cəmiyyəti və Xarkov vilayət televiziyasının birlikdə çəkdiyi R.Polovinka həsr olunan film nümayiş olunub.
Ruslan Polovinka 1969-cu il oktyabrın 21-də Xarkov vilayətinin Zmiyev şəhərində anadan olub. 1987-ci ildə Sızran Ali Hərbi Aviasiya Məktəbinə daxil olub və 1991-ci ildə məktəbi bitirdikdən sonra Naxçıvanda xidmətə göndərilib. Azərbaycan Hərbi Hava Qüvvələri yaradıldıqdan sonra o, xidmətini Bakıda, helikopter eskadrilyasında davam etdirib. 1991-ci ildə Qarabağ müharibəsinin hərbi əməliyyatlarında uğurla iştirak edib. 1992-ci il avqustun 6-da Azərbaycan qoşunlarının yüksəkliklərin birində mühasirəyə düşməsi barədə məlumat alan “Mi-24” helikopterinin ekipajı - Zakir Məcidov (komandir), Ruslan Polovinka və Cavanşir Rəhimov döyüş zonasına yola düşüb. Üç uçuş həyata keçirən helikopter düşmənin zirehli texnikası və canlı qüvvəsini tamamilə məhv edib. Ekipaj həlak olan və yaralı döyüşçülərimizi döyüş meydanından çıxarıb. Dördüncü uçuş zamanı helikopter düşmən tərəfindən atılan raketlə vurulub.
Azərbaycan Prezidentinin 1992-ci il 14 sentyabr tarixli Fərmanı ilə leytenant Ruslan Aleksandroviç Polovinka (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, doğma Zmiyev şəhərində dəfn olunub.
Hər il Ruslan Polovinkanın anım günündə qədirbilən azərbaycanlılar Milli Qəhrəmanın ailəsinə baş çəkir, məzarı üzərinə gül dəstələri qoyurlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev