MƏDƏNİYYƏT
Xarkovda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş Azərbaycan-Ukrayna gecəsi keçirilib
Kiyev, 18 dekabr, AZƏRTAC
N.Lisenko adına Xarkov Milli Akademik Opera və Balet Teatrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş Azərbaycan-Ukrayna gecəsi keçirilib. Tədbirin təşkilatçısı Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovdur.
Rəsmi hissədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Əfqan Salmanov, Ukrayna Ali Radasının deputatı, Ali Radanın Azərbaycan Milli Məclisi ilə dostluq qrupunun rəhbəri Oleq Medunitsa, Xarkov vilayət sovetinin sədri Sergey Çernov və başqaları görüş iştirakçılarını səmimi salamlayıblar.
Sonra möhtəşəm konsert olub. Konsertdə Ukraynanın Xalq Artisti, müğənni Qurban Abbasov və onun rəhbərlik etdiyi “Azərbaycan” ansamblı, “Sarı gəlin” və digər Azərbaycan xalq mahnılarını yüksək səviyyədə ifa edən “Anna-Mariya” dueti, “Viva” virtuoz akkordeonçular dueti, Ukraynanın Əməkdar Artisti, müğənni Viktor Pavlik, populyar müğənni Katya Bujinskaya çıxış ediblər.
Tanınmış Azərbaycan müğənnisi Natəvan Həbibinin çıxışı görüş iştirakçıları üçün əsl sürpriz olub.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyevdə və Xarkovda akkreditə edilmiş diplomatik korpusun, ümumukrayna və regional Azərbaycan diaspor təşkilatlarının, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev