İDMAN
Xaybulla Musalov birinci Avropa Oyunlarını gümüş medalla başa vurub [YENİLƏNİB] VİDEO
İyunun 27-də rinqə çıxan daha bir boksçumuz – Xaybulla Musalov milli komandamızın aktivinə 15-ci gümüş medalı yazıb.
Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Xaybulla Musalov finalda gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli ilə qarşılaşmadan məğlub ayrılaraq ikinci yerlə kifayətlənməli olub.
Bu çəki dərəcəsində bürünc medallara Rusiya idmançısı Maksim Koptyakov və macarıstanlı Zoltan Harcsa layiq görülüb.
18:42
Qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı-2015”-in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Moslini məğlub edərək birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki final qarşılaşmasını izləyiblər.
Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Buqar olublar.
18:26
Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
İyunun 27-də birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışlarının sonuncu gününün qarşılaşmaları start götürüb.
AZƏRTAC xəbər verir ki, boks yarışlarına bu gün keçiriləcək 5 final qarşılaşması ilə yekun vurulacaq.
Hazırda qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı-2015”-in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Mosli ilə qarşılaşır.
Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Bugar olublar.
Kişilərin yarışında dörd final qarşılaşması keçiriləcək. Azərbaycan bütün çəki dərəcələrində təmsil olunacaq.
Albert Səlimov (60 kq) qızıl medal uğrunda fransalı Sofian Umia ilə qarşılaşacaq. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) rusiyalı Aleksandr Besputindın üstün olmağa çalışacaq. Xaybulla Musalovun (75 kq) finaldakı rəqibi gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli olacaq. Yarışda 91 kiloqram çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev qızıl medal uğrunda döyüşdə ukraynalı Gevorq Manukyan ilə üz-üzə gələcək.