CƏMİYYƏT
Xəbərdarlıq: Bakıda güclü yağış yağacaq, dağlıq ərazilərdə qar yağacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv, ayın 17-də isə yağışın güclü olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək, oktyabrın 17-də gecə 8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Rayonlarda oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə düşəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.