CƏMİYYƏT
Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yollar buz bağlayacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Havanın minimal temperaturu noyabrın 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhərətrafı ərazilərdə yollar buz bağlayacaq.
Rayonlarda qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.