ELM VƏ TƏHSİL
“Xəbərlər Məcmuəsi” jurnalının növbəti nömrəsi dərc olunub
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Xəbərlər Məcmuəsi” elmi-ictimai jurnalının üçüncü cildinin ikinci nömrəsi nəşr olunub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ədəbi irsimizin böyük hamisi” adlı məqaləsi çap olunub. Bundan başqa, jurnalda gənc alimlərin əsərləri, elmi araşdırmaları da yer alıb.
Nəşrdə, həmçinin “Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyinin həlli”, “Radioelektron mübarizə vasitələri: Praktiki dəyəri, tətbiqi və inkişaf perspektivləri”, “Yüksək mükafata layiq görülmüş coğrafi əsər”, “Sürüşmələr: “Sakit” lakin təhlükəli təbiət fəlakətidir”, “Şəxsi xammal əsasında”, “Palçıq vulkanları atlasının səhifələrində təbiət fenomeni”, “Orta əsrlər Xilafətin Azərbaycan alimlərinin elmi əlaqələri”, “Epoxa fonunda portret” adlı məqalələr əksini tapıb.
Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavini AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevdir.