MƏDƏNİYYƏT


“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa yenidən səhnədə

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir. Səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və Məzahir Cəlilov canlandıracaqlar.

Tamaşa müharibədə çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Həmçinin tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa boyu güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.

“Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.