REGİONLAR
“Xəmsə” intellektual oyununda qalib gələn Naxçıvan Dövlət Universitetinin tələbələri mükafatlandırılıb
Naxçıvan, 20 iyun, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Xəmsə” intellektual oyununda Naxçıvan Dövlət Universitetinin (NDU) komandası birinci yerə layiq görülüb. Komanda üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və NDU tərəfindən sertifikat və fəxri fərmanlarla təltif ediliblər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə tələbələri təbrik edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb.
Vurğulanıb ki, keçirilən yarışlar gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyin və elmin nüfuzunu artırmaq, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq məqsədi daşıyır. Rektor gənclərə bundan sonrakı yarışlarda uğurlar arzulayıb.
Sosial idarəetmə və hüquq fakültəsinin dekanı Qərib Allahverdiyev muxtar respublikada gənclərin yaxşı təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün uğurlu dövlət proqramlarının həyata keçirildiyini deyib.
Tədbirdə tələbələr adından çıxış edən beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Aslan Səfərov ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərin fiziki və mənəvi cəhətdən sağlam, elmli olmaları üçün vacib addımların atıldığını önə çəkərək, yeniyetmə və gənclər üçün yaradılmış şəraitə görə minnətdarlıq edib.
Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə mükafatları təqdim edib.