CƏMİYYƏT


Xerardo Amarilya: Azərbaycan multikultural və tolerant mühitinə görə dünyaya nümunə olacaq ölkədir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycanın dərin tarixi köklərə malik ölkə olduğunu deyib. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrdən danışıb. Respublika əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Ölkəmizin dünyəvi dövlət olmasına baxmayaraq Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını önə çəkən komitə sədri məhz bu münasibətin sayəsində Azərbaycanın bu cür zəngin tolerantlıq və multikultural dəyərlərə sahib olduğunu deyib.

Dövlət komitəsinin səlahiyyətləri barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı komitənin dövlətin din siyasətini həyata keçirdiyini, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət etdiyini bildirib.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsi nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.

Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayıb. İnsan hüquqlarının qorunması ilə bağlı problemlərin yaşandığı bir regionda Azərbaycanın digər dinlərə, millətlərə və xalqlara olan tolerant münasibətini bu səviyyədə qoruyub saxlamasını yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan öz multikultural və tolerant mühitinə görə dünyaya nümunə olacaq ölkədir.

Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.

Qonaqlar da öz növbəsində Mübariz Qurbanlıya Uruqvay Parlamentinin medalını təqdim ediblər.

Qeyd edək ki, görüşdə Azərbaycanın Argentinadakı (eyni zamanda Uruqvayda akkreditə olunmuş) səfiri Rəşad Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.