MƏDƏNİYYƏT


Xərçəngdən əziyyət çəkən uşaqlar “Alisa möcüzələr ölkəsində” filmini yaradacaqlar

Varşava, 4 iyul, AZƏRTAC

Polşanın “Krivinka” (“Krwinka”) qeyri-hökumət fondunun himayəsində olan xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar “Alisa möcüzələr ölkəsində” filminin onların interpretasiyasında yaradılmasında iştirak edəcəklər.

Bu, ilk belə layihə deyildir. Fondun himayədarlıq etdiyi bu uşaqlar 2016-cı ildə öz versiyalarında “Qırmızı Papaq” filmini çəkiblər, 2015-ci ildə isə məşhur Bolek, Lölek və Toli barədə cizgi filminin xüsusi versiyası işıq üzü görüb. Uşaqlar növbəti filmi Lodz yaxınlığındakı Roquv şəhərciyində müalicəvi istirahət zamanı valideynlərinin, tibb heyətinin və müəllimlərin nəzarəti altında yaradacaqlar.

“Krivinka” fondunun sədri Eljbeta Budnı qeyd edib ki, kinoterapiya formasında müalicəvi istirahət belə uşaqların xəstəxana palatalarından, üzücü analiz və proseduralardan uzaqda təhlükəsiz və yaradıcı vaxt keçirmələri üçün misilsiz şansdır. Bu cür istirahətdən sonra uşaqların psixofiziki durumu yaxşılaşır. Uşaqlar təkcə ssenari yazmır, eyni zamanda kostyumların və səhnə qrafikası elementlərinin yaradılması prosesinə töhfə verirlər. Bundan əlavə, onlar həm səhnələri kameraya çəkir, həm də nağıl qəhrəmanlarını və uydurduqları yeni personajları oynayırlar.

“Krivinka” fondu onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin təşəbbüsü ilə 1996-cı ildə Lodzda yaradılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.