CƏMİYYƏT
Xərçəngin inkişafına mane olan məhsulların siyahısı
Bakı, 7 iyul, AZƏRTAC
Xərçəng sağlam hüceyrənin dəyişməsi və nəzarətsiz şəkildə bölünməsi səbəbindən meydana çıxır. Onkoloji xəstəliklərin müalicəsi sahəsində çalışan mütəxəssislər insan orqanizmini xərçəngdən qorumağa imkan verən ərzaq məhsullarının adlarını göstəriblər. Təzə meyvə və tərəvəz bu işin öhdəsindən daha yaxşı gəlir.Təzə meyvə-tərəvəzdən istifadə orqanizmi bir çox vitaminlərlə və normal fəaliyyət üçün lazım olan antioksidantlarla təchiz edir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, antioksidantlar hüceyrələri zədələnmədən və mutasiyalardan qoruyur.
Alma. Dana-Farber İnstitutunda (Boston, ABŞ) aparılmış və bu meyvənin öyrənilməsinə yönəldilmiş bir neçə araşdırma göstərib ki, alma bizim süd vəzisi, boğaz, ağız, ağciyər və yoğun bağırsaq xərçənginə meyilliliyimizi xeyli azalda bilər. Gündə ən azı bir alma yemək, özü də ondakı faydalı maddələrin əsas hissəsinin qabığında olduğunu nəzərə alaraq almanı mütləq qabıqlı şəkildə yemək lazımdır.
Quşüzümü. Tərkibində olan benzoy turşusu ağciyər, yoğun bağırsaq xərçənginin və leykemiyanın bir neçə formasının qarşısını ala bilir. Bundan başqa, bu giləmeyvə sidik kisəsi infeksiyalarından və hətta kariyesdən yaxşı müdafiəni təmin edir.
Karotinoidlər adlanan maddələr xərçəngin profilaktikasında mühüm və xüsusilə effektiv vasitədir. Bu maddələrlə bağlı araşdırmalar göstərib ki, tərkibində həmin maddələrin olduğu ərzaq məhsulları ilə qidalanan adamlar döş, ağciyər, yoğun bağırsaq və prostat xərçəngindən daha yaxşı müdafiə olunurlar.
Üzüm ən zəngin vitamin mənbələrindən biridir. O, ürək-damar sistemini möhkəmləndirir, bundan başqa, qanda xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
Brokkoli və moruq xərçəng hüceyrələrinin bölünməsinə mane olur, pomidor isə dəri xərçəngindən qorunmağa imkan verir, həmçinin yaddaşı möhkəmləndirir.
Göstərilən bütün ərzaq məhsullarını təzə şəkildə istifadə etmək lazımdır.