CƏMİYYƏT


Xəstə təhlilləri həm tələbələr, həm də rezidentlər üçün böyük əhəmiyyət kəsb edir

Bakı, 26 may, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında iki xəstə ilə bağlı növbəti klinik müzakirə aparılıb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın direktorunun müalicə işləri üzrə müavini Adil Nuriyev çıxış edərək bildirib ki, silsilə davam etdirilən xəstə təhlilləri həm tələbələr, həm də rezidentlər üçün böyük əhəmiyyət kəsb edir.

Professor Surxay Musayevin moderatorluğu ilə keçən tədbirdə kardio-revmatologiya şöbəsinin müdiri Sevda Məmmədova 14 yaşlı uşaqla bağlı çıxış edib. Bildirilib ki, uşaq bir neçə ay bundan öncə klinikaya çox ağır vəziyyətdə gətirilib. Klinikaya yüksək hərarət, öskürək, üzdə və aşağı ətraflarda şişkinlik, ürək nahiyəsində ağrı və bir sıra digər şikayətlərlə daxil olmuş uşaqda bunlarla yanaşı, təngnəfəslik və halsızlıq halları da müşahidə edilib. Aparılan müayinələr nəticəsində uşağa kəskin revmatizm diaqnozu qoyulub. Aparılan müalicələrdən sonra uşağın vəziyyətinin yaxşılaşdığını bildirən S.Məmmədova bundan sonra onun daima həkim nəzarətində olmasını məsləhət görüldüyünü deyib.

Sonra hematologiya şöbəsinin müdiri Valeh Hüseynovun moderatorluğu ilə 38 yaşlı xroniki myelositar leykemiya ilə daxil olan xəstə ilə bağlı Şəhla Şabanova çıxış edib. Bildirilib ki, xəstə subfebril hərarət, halsızlıq, qarın nahiyəsində dolğunluq və köp, təngnəfəslik şikayətləri ilə klinikaya müraciət edib. Xəstəliyin simptomları haqqında məlumat verən həkim qeyd edib ki, burada əsasən halsızlıq, temperatur, gecə tərləməsi, çəkinin azalması və s. kimi hallar müşahidə edilir. Qeyd edilib ki, xəstə daxil olarkən onda leykositoz, anemiya, periferik yaxmada mieloid sıra artışı ilə yanaşı, atipik hüceyrələri aşkar edilib. Bu istiqamətdə müalicələr başlanılıb və mərhələli şəkildə bu proseslər davam etdirilir. Ş.Şabanova, həmçinin gələcəkdə xəstəyə sümük iliyi transplantasiyasını da həyata keçirmək zərurəti yarana biləcəyini deyib.

Tədbir mövzular ətrafında müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.