CƏMİYYƏT
Xəstəxanada rayon sakinləri ilə görüş
Bakı, 28 mart, AZƏRTAC
Ölkə başçısının tapşırığına uyğun olaraq, 2017-ci il fevralın 15-dən hər yerdə olduğu kimi Xətai rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Dövlət başçısının xüsusi sərəncamı ilə yenidən inşa olunmuş Əhmədli qəsəbəsindəki 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sakinlərin tibbi müayinədən keçirilməsi tədbiri uğurla davam etdirilir. Xəstəxana 14 minə yaxın qəsəbə sakininə xidmət göstərir.
Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov xəstəxanada tibbi müayinə tədbirinin gedişi ilə maraqlanıb. İcra hakimiyyəti başçısına məlumat verilib ki, indiyədək 2225 nəfər tibbi müayinəyə cəlb olunub. 25 çarpayılıq tibb müəssisəsinin həkim və tibb işçiləri əhalinin sağlamlığı keşiyində dayanıb. Burada yaradılan şərait və tibbi müayinənin keyfiyyəti ilə tanış olan rayon rəhbəri müayinəyə gələnlərlə söhbət edib.
Sakinlər hər il keçirilən müayinə tədbirini ölkə başçısının əhalinin sağlamlığına göstərdiyi nəcib təşəbbüs kimi qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.