CƏMİYYƏT
Xətai Rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Polisinin yaranmasının 99-cu ildönümünü ərəfəsində - iyunun 30-da Xətai Rayon Polis İdarəsinin (RPİ) yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubova yeni binanın əsas parametrləri və texniki göstəriciləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, inşasına 2015-ci ilin martında başlanılıb. Ümumi sahəsi 3432 kvadratmetr olan dördmərtəbəli inzibati binadan əlavə, ərazidə yeməkxana və digər yardımçı binalar müasir standartlara uyğun tikilib. Bina bütün zəruri mərkəzləşdirilmiş mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib, yeni mebel və inventarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma, asfalt və işıqlandırma işləri yerinə yetirilib.
Nazir yeni binadakı xidməti otaqlar, müvəqqəti saxlama yeri və digər yardımçı sahələrlə yaxından tanış olub, ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb, görülən işlərdən razılığını bildirib.
Daha sonra Ramil Usubov yeni inzibati binanın akt zalında Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə görüşüb.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində hər il daxili işlər orqanları üçün onlarla yeni obyekt tikilib istismara verilir, lazımi texniki vasitələr və avadanlıq alınır. Dövlətimizin başçısı elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirir, bunun sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunur. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətimizin yüksək diqqət və qayğısına əməli işlə cavab verəcək, rayon ərazisində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.