MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirilib

Bakı, 27 dekabr, Aişə Axundova, AZƏRTAC 

Xətai Sənət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Xətai Sənət Mərkəzinin, “Yaradıcı qadınlar” və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” ictimai birliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 100-dən çox peşəkar və həvəskar rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 300-dək əsəri yer alıb.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin səhər proqramları departamentinin direktoru Rəşad Mehdiyev, radio diktoru Eldost Bayramlı və başqaları bildiriblər ki, bu cür sərgilərin mütəmadi təşkili gənc nəslin bədii-estetik tərbiyəsinə, sağlamlıq imkanları məhdud uşaqların yaradıcılığa qoşulmasına kömək edir.

Sərgi iştirakçıları müxtəlif nominasiyalarda fəxri diplomlarla təltif olunublar. Onların sırasında Əməkdar Artist Naina İbrahimova “İlin yaradıcı aktrisası” nominasiyasında təltif edilib. O, çoxillik yaradıcı və ictimai fəaliyyətinə, XX əsrin meqa-ulduzu kimi çıxış etdiyi maraqlı fotolayihələrə görə mükafatlandırılıb. Bu dəfə su pərisi obrazını canlandıran, habelə fotolarda kino ulduzu Merilin Monronun obrazını təqdim edən Naina İbrahimovaya rəmzi tac hədiyyə olunub. Orijinal obrazın yaradılmasında aktrisaya kömək etmiş modelyer-rəssam Zemfira Şükürovaya fəxri fərman verilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin səhər proqramları departamentinin direktoru Rəşad Mehdiyev “İlin maarifçisi” nominasiyasında diploma layiq görülüb. Ehtiyatda olan polkovnik, Dağlıq Qarabağda aprel döyüşlərinin iştirakçısı, həvəskar rəssam Nahid Tağıyev, habelə Sabir adına kitabxananın direktoru Gülşən Abbasova uşaqların bədii-estetik tərbiyəsinə verdiyi töhfəyə görə diplomlara layiq görülüblər.

Bu cür sərgilərin daimi iştirakçıları, indiki layihənin isə kuratorları olan Elnurə və Aygün İsgəndərova bacıları müvafiq olaraq “İlin yaradıcı layihə rəhbəri” və “İlin dekorativ-tətbiqi sənət janrında yaradıcı rəssamı” nominasiyalarında mükafatlandırılıblar. Sərgiləri uzun müddət fəal işıqlandıran kütləvi informasiya vasitələrinin əməkdaşlarına da fəxri diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.