MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində Sevgililər Gününə həsr edilmiş sərgi keçirilib

Bakı, 30 iyun, Aişə Axundova, AZƏRTAC

İyunun 30-da Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Sevgililər Gününə həsr edilmiş sərgi-müsabiqə keçirilib.

Hər il iyunun sonuncu günü Azərbaycanda Sevgililər Günü kimi qeyd edilir. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsində həlak olmuş İlham Allahverdiyev və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin 1989-cu il iyunun 30-da toyu ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları sərginin açılışından əvvəl Şəhidlər Xiyabanına gedərək İlham və Fərizənin məzarına çiçəklər düzüb, onların xatirəsini yad ediblər.

Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov çıxış edərək, 20 Yanvar hadisəsindən uzun illər keçsə də, xalqımızın faciə qurbanlarının xatirəsini həmişə əziz tutduğunu vurğulayıb. Bu iki sevən gəncin əbədi məhəbbət haqqında qədim əfsanələri xatırladan həyat hekayəsi Azərbaycan xalqına xas pak niyyət və ülvi duyğularda təcəssüm olunur. Hər il yayın bu günündə Azərbaycanda gözəlliyə, sevgiyə, sədaqətə həsr olunan tədbirlər keçirilir. Gənc rəssamların əsərlərinin nümayiş olunduğu builki sərgi də belə tədbirlərdən biridir.

Tədbirdə İlham və Fərizənin ailə üzvləri qonaq qismində iştirak ediblər. İlham Allahverdiyevin qardaşı Elxan ona doğma insanların xatirəsinə göstərilən ehtirama görə sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Mərasimdə sərgi-müsabiqənin qalibləri müxtəlif nominasiyalarda mükafatlandırılıblar. Tədbiri işıqlandıran jurnalistlərə xüsusi diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.