CƏMİYYƏT
Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 28-də saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi, özünə məxsus “BMW” markalı “AZ90-XU-928” dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub. Nəticədə R.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fakta görə Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.