İQTİSADİYYAT
Xətai rayonu ərazisindəki Sadıqcan küçəsi təmir edilib VİDEO
Bakı, 12 may, AZƏRTAC
Xətai rayonu ərazisindəki uzunluğu 1 kilometr, eni isə 15 metr olan Sadıqcan küçəsi “Azəravtoyol” ASC tərəfindən təmir edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun hərəkət hissəsi sıradan çıxdığı üçün avtonəqlyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Həmçinin vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də yox idi. Təmirdən sonra bu problemlər tam olaraq aradan qaldırılıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə, küçənin 15 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min poqonmetr yeni səki daşı düzülüb.
Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi üçün zəruri yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.