İQTİSADİYYAT
Xətai rayonu ərazisindəki Süleyman Vəzirov küçəsi təmir olunur VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Xətai rayonu ərazisindəki Süleyman Vəzirov küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılır. Məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.
ASC-nin mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, uzunluğu 700 metr, eni 12 metr olan küçənin köhnə asfalt-beton örtüyünün üst qatı kənara daşınır, əvəzinə isə küçəyə ikiqat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə, yolun 10 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Eyni zamanda, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına isə 1500 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb.
Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub.
Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçəboyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, küçəboyu aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib. Kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını alacaq.