SİYASƏT
Xətai rayonunda Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Bakının Xətai rayonunda Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib.
Xətai Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının fəalları, rayon ictimaiyyətinin və müxtəlif dinlərə mənsub icmaların nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanı dünyaya sülhsevər ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli azlıqlar, eləcə də dini icmalar arasında dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva isə deyib ki, 1995-ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Tolerantlıq Günü qeyd edilir. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xətai rayonunda da mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə, eləcə də tolerantlığa böyük diqqət yetirilir. Bunun nəticəsi olaraq Xətai rayonunun Türkiyə, Belarus, Yaponiya kimi dövlətlərin şəhərləri ilə qardaşlaşmasına dair ikitərəfli müqavilələr imzalanıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Fuad Muradov tolerantlıq mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə əməyi danılmazdır.
Rayondakı 257 nömrəli məktəbin müəllimi Maral Əliyeva, 264 nömrəli məktəbin müəllimi, əslən koreyalı olan Tsoy Angelina, 245 saylı orta məktəbin şagirdi, Əfqanıstandan olan valideynləri ilə Azərbaycanda qaçqın kimi məskunlaşmış Omid Ehsani və başqaları çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycanda sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, eləcə də atəşpərəst məbədləri var. Dini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir insan bərabərhüquqlu və azaddır. Bu da öz növbəsində Azərbaycanın tolerant ölkə olmasını bir daha təsdiq edir.
Tədbirdə din xadimləri və ziyalılar bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönələn pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildiriblər.