CƏMİYYƏT
Xətai rayonunda baş verən qətl hadisəsi ilə əlaqədar cinayət işi başlanıb
Oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonunun ərazisində fəaliyyət göstərən “Xəzri TN” MMC-yə məxsus çörək zavodunun qarşısında, həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğluna, Süleymanov Anar Əhliman oğluna və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. E.Kərimov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Abdullayev tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.