CƏMİYYƏT


Xətai rayonunda çağırışçı gənclər ordu sıralarına yola salınıb 

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyulun 14-də Ukrayna meydanı yaxınlığındakı Heydər Əliyev parkında çağırışçı gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları - rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin nümayəndələri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların təmsilçiləri, bələdiyyə sədrləri, çağırışçı gənclər, veteranlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Azərbaycanın dövlət himni səslənib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində gündən-günə inkişaf edir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Qeyd olunub ki, torpaqlarımızın 20 faizinin hələ də işğal altında qalması hər bir azərbaycanlını dərindən narahat edir. Qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından hər an azad etməyə hazırdır. Aprel döyüşləri zamanı biz bir daha bunun şahidi olduq. R.Məmmədov Vətənin keşiyini çəkmək üçün ordu sıralarına yollanan gənclərə uğurlar arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi Eldar Tağıyev, “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, çağırışçı Elnur Nəbiyev və digərləri vətənin müdafiəsinə yola düşən gənclərə uğurlar diləyiblər.

Sonda çağırışçı gənclərə xatirə hədiyyələri verilib.

Tədbir rayon mədəniyyət evi kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.