İQTİSADİYYAT
Xətai rayonunda inşa olunan yeni yol vətəndaşların istifadəsinə verilib VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Xətai rayonu ərazisindəki Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib.
Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən 1 metr enində ayırıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla yanaşı, yolun hərəkət hissəsini işıqlandırmaq məqsədilə yolayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.
Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə isə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib.
Eyni zamanda, qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri yekunlaşdıqdan sonra yola ikiqat olmaqla, yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə, yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması işləri aparılıb.
Yolayrıcına və səkilərin kənarlarına min poqonmetr səki daşı düzülüb.
Küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətləri çəkilib.