SİYASƏT
Xətai rayonunda seçki məntəqələri tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr sentyabrın 26-da tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, rayonun ərazisində dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü) və 138 məntəqə fəaliyyət göstərir. Ümumilikdə 262 mindən çox əhalisi olan Xətai rayonunda məntəqələr üzrə 172 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.
Səsvermə prosesinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Müşahidələrimiz göstərdi ki, daimi seçki məntəqələri və yaradılan əlavə məntəqələr zəruri avadanlıqlarla və texniki vasitələrlə təchiz olunub.
Seçkilərin aşkarlıq və demokratik keçməsi, internet üzərindən səsvermə prosesini canlı izləmək üçün dörd dairənin ərazisindəki 40 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir. Seçicilərin rahat şəraitdə səs verməsi üçün lazım olan bütün işlər həyata keçirilib.
Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar onlara təqdim olunan səsvermə bülletenlərində səs verirlər.
Məntəqələrdə səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər, QHT nümayəndələri və KİV təmsilçiləri izləyirlər.