CƏMİYYƏT
Xətai rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Xətai rayonundakı 7 nömrəli şəhər poliklinikasında rayonun səhiyyə işçilərinin bayram toplantısı keçirilib. AZƏRTAC bu barədə məlumatı icra hakimiyyətinin saytından əldə edib.
Səhiyyə işçilərini təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxışında bildirib ki, rayonda 14 poliklinika, respublika əhəmiyyətli səhiyyə mərkəzləri, xəstəxanalar, uşaq vərəm sanatoriyası, vərəm dispanseri və digər səhiyyə müəssisələri fəaliyyət göstərir və həmin müəssisələrdə 5 minə yaxın səhiyyə işçisi çalışır və əhaliyə yüksək səviyyədə xidmət göstərir.
Toplantıda 7 nömrəli poliklinikanın baş həkimi Şəlalə Səfərova əhalinin sağlamlığının qorunması, əhaliyə müasir standartlara uyğun səhiyyə xidməti göstərmək üçün onlara yaradılan şərait barədə danışıb və dövlətin onlara göstərdiyi qayğıya cavab olaraq fədakar əmək və yüksək peşəkarlıqla çalışacaqlarına söz verib.
Toplantının sonunda əməkdə fərqlənən bir qrup səhiyyə işçisi rayon icra hakimiyyətinin Fəxri fərmanları ilə təltif ediliblər.