CƏMİYYƏT
Xətai rayonunda yanğın təhlükəsizliyinin təmin olunmasına dair müşavirə keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Xətai Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin təşəbbüsü ilə “Yanğın Təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Bakı Regional Mərkəzinin fövqəladə halların xəbərdar edilməsi və mülki müdafiə idarəsinin rəisi Yolçu Yolçuyev, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, nazirliyin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, eləcə də rayonun aidiyyəti xidmət idarələrinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov bildirib ki, artıq bir neçə ildir yanğından mühafizə orqanları ilə bu istiqamətdə müxtəlif mövzularda tədbirlər keçirilir və monitorinqlər aparılır. Əldə olunan nəticələrin təhlilləri göstərir ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti qaz sobalarının, elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.
Müşavirədə yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmələrlə bağlı videomateriallar nümayiş etdirilib.
Çıxış edən mütəxəssislər tədbir iştirakçılarına müvafiq təlimat və tövsiyələr veriblər.