CƏMİYYƏT
Xətai rayonunda yeni istirahət parkının salınması üçün hazırlıq görülür
Bakı, 25 may, AZƏRTAC
Xətai rayonunda mütəmadi olaraq abadlıq–təmizlik və yenidənqurma işləri həyata keçirilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qədir Məmmədov küçəsi 7-9 ünvanında yeni istirahət parkının salınmasına hazırlıq görülür.
İcra hakimiyyətinin başçısı Razim Məmmədov mənzil-kommunal təsərrüfat birliyi, xidmət sahələri rəhbərləri və digər məsul şəxslərlə birlikdə həmin əraziyə gedərək bina sakinləri ilə görüşüb və onların qayğıları ilə də maraqlanıb. Sakinlərin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş sahələrdə çəpərlər və yararsız tikililər sökülüb, ərazi məişət tullantılarından təmizlənib. Qeyri-qanunu olaraq quraşdırılmış primitiv köşklər və dəmir qarajlar ləğv olunub, onların ətrafına yığılmış məişət avadanlıqları və tullantılar götürülüb. Sakinlərin suallarına cavab verən rayon rəhbəri bildirib ki, ərazinin təmizlənməsi işləri başa çatandan sonra burada əhalinin istirahətini təmin etmək üçün yeni parkın salınması nəzərdə tutulur.
Təmizlik işləri çərçivəsində qurumuş ağacların ərazidən götürülməsi, qoca ağacların budanması işləri də həyata keçirilib. Hazırda ərazidə abadlıq-təmizlik işləri davam etdirilir.