CƏMİYYƏT


Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri yay istirahət düşərgəsinə yola düşüblər

Bakı, 29 iyul, AZƏRTAC

Xətai rayonundakı 3 nömrəlı uşaq evinin balaca sakinləri Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinə yola salınıblar.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.

Uşaq evinin direktoru Məhbubə Hüseynova bildirib ki, balacaların yay istirahət mövsümünün növbəti mərhələsi müəssisənin Buzovna qəsəbəsindəki düşərgədə keçiriləcək. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-2012-ci illərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra həmin istirahət düşərgəsində uşaqların istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb.

Direktor qeyd edib ki, 5600 kvadratmetr ərazidə 120 uşağın istirahəti üçün nəzərdə tutulan dördmərtəbəli binada balacaların rahatlığı üçün hər cür şərait var. Binanın ikinci mərtəbəsi oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub. Ən müasir avadanlıq quraşdırılmış 200 yerlik iclas salonu müxtəlif toplantıların keçirilməsi üçün nəzərdə tutulub. Uşaqların informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsi üçün binada kompüter otağı, müxtəlif sahələrə aid ədəbiyyatın toplandığı kitabxana var. İdmanla məşğul olmaq üçün süni örtüklü futbol meydançası və hovuz tikilib, əyləncə guşələri yaradılıb.

Yolasalma mərasimində iştirak edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva söyləyib ki, ötən il olduğu kimi, bu il də uşaqlar yay istirahət düşərgəsində Bakının bir çox gəzməli və görməli yerləri ilə tanış olacaq, onlar üçün əyləncəli mədəni proqramlar və idman yarışları təşkil ediləcək.

Uşaqlar Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində mehribanlıqla qarşılanıb. Burada onlar üçün süfrə açılıb, incəsənət ustalarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.