MƏDƏNİYYƏT
“Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı olacaq
Bakı, 26 may, AZƏRTAC
Mayın 27-də Nizami Kino Mərkəzində “Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı olacaq. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin süjet xətti məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub.
Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri oynayıblar.