İQTİSADİYYAT
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş
AZƏRTAC xəbər verir ki, görüşdə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, klubun əsas vəzifəsi dövlət və biznes qurumları arasında işgüzar əlaqələri möhkəmləndirməkdən ibarətdir. T.Əliyev CEIBC-nin fəxri sədri Prezident İlham Əliyevə klubun fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən ABOEM-un sədri Akim Bədəlov bildirib ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin yaradılması haqqında Fərman imzalanıb. Agentlik alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.
Görüşdə Akim Bədəlova Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatı təqdim olunub.
Məlumat verilib ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə noyabrın 14-də Tbilisidə ikinci Beynəlxalq “Caspian Energy Forum – 2014” keçiriləcək. “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunan forumda Gürcüstanın, Xəzər-Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər.