İQTİSADİYYAT
Xəzər Dəniz Gəmiçiliyinin maliyyə hesabatı müsbət rəy alıb
Bakı, 8 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2016-cı il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyada böyük nüfuza malik “Ernst & Young” şirkəti aparıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Ernst & Young” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin Gəmiçiliyin rəhbəri Rauf Vəliyevlə görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.
Hesabat Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli qərarı ilə təsdiq olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların sırasına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də daxildir.