İQTİSADİYYAT
Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri üçün treninqlər keçirilir
Bakı, 1 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər işçiləri üçün növbəti treninqlər başlayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu treninqlər Ernst & Young Akademiyası tərəfindən aparılır və dekabrın 25-nə qədər davam edəcək.
Birinci treninq “İnzibati qərarlardan irəli gələn faydalar və risklər” mövzusundadır. Ernst & Young Akademiyasının nümayəndəsi Anna Qriqoraş 2 gün ərzində şirkətin məsrəflərinin optimallaşdırılmasına cavabdeh olan rəhbər heyətlə məsrəflər və qiymət siyasəti ilə bağlı qərarların qəbulunda əsas yanaşmalar, xərclərin və gəlirlərin təhlili sistemləri və sair mövzularda interaktiv dialoq aparılıb, bu sahələrdə praktiki vərdişlərin inkişafı üçün tövsiyələrini çatdırıb.
Sonrakı 4 treninq isə “Effektiv menecer”, “Qeyri-maliyyə sahəsi rəhbərləri üçün maliyyə anlayışı”, “Effektiv ünsiyyət” və “Fəaliyyətin səmərəliliyinin idarəedilməsi” mövzularında təşkil olunacaq. Dinləyicilərə iş prosesinin səmərəliliyinin artırılması, müştərilərlə daha operativ və sıx əlaqələrin qurulması, izafi xərclərin qarşısının alınması, iqtisadi fəaliyyətdə risklərin qiymətləndirilməsi istiqamətlərində yeni bilgilər veriləcək.