SİYASƏT


“Xəzər Kuboku-2016” müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

“Dəniz kuboku – 2016” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq “hava hədəfləri”nə atışlar keçiriblər.

Ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir. Bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin qərar qəbuletmə vaxtı, hədəfin dəqiq vurulması və döyüş məşğələsinin yerinə yetirilməsinin ümumi vaxtı qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikinci mərhələdə dənizçilər dəniz hədəfləri üzrə atış keçiriblər. Dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 4500 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib, hədəfin vurulması üçün artilleriya qurğuları heyətlərinə 40 sursat verilib. Qiymətləndirmə birinci mərhələdə olduğu kimi həyata keçirilib.

Rusiyanın “Uqliç” kiçik raket gəmisi, Qazaxıstanın “Oral” raket-artilleriya gəmisi və Azərbaycanın G-124 patrul-mühafizə gəmisinin heyətləri müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetirərək növbəti mərhələlərin hazırlıq işlərinə başlayıblar.

Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirməli, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirməli və son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etməlidirlər.

Azərbaycan hərbi dənizçilərinin yarışlarda iştirakı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.